05 İyun 2024

SOCAR AQŞ Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd edib

 

SOCAR AQŞ əməkdaşlarını maarifləndirmək və şirkət daxilində dayanıqlı təcrübələri təbliğ etmək məqsədilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirib.


Tədbirdə 2024-cü il üzrə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü mövzusu olan “Torpaqların bərpası, səhralaşma və quraqlığa davamlılıq”, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əsas prioritet istiqamətlər və bir çox ekoloji problemlərdən danışılıb. 


Tədbirdə çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün əhəmiyyətini vurğulayaraq, şirkətin ətraf mühitin mühafizəsi və ətraf mühitə təsirinin azaldılması istiqamətində davamlı səylərindən danışıb, eləcə də gələcək nəsillər üçün ətraf mühitin qorunması üçün kollektiv fəaliyyətin vacibliyini qeyd edib. 


Müxtəlif bölmələrin iştirak etdiyi bu interaktiv tədbirdə həmçinin ağacəkmə aksiyası, bitkilərə düzgün qulluqla bağlı təlim və bir çox maarifləndirici müsabiqələr keçirilib.


Əsas məqsədi əməkdaşların ekoloji maarifləndirilməsinin artılması olan bu tədbir planetimizi qorumaq və gələcək nəsillər üçün daha yaşıl bir dünya yaratmaq məqsədilə atılacaq addımlar olduğunu və bu istiqamətdə hər birimizin məsuliyyət daşıdığımızı bir daha vurğuladı.


SOCAR AQŞ-də biz ətraf mühitə minimal təsirlə qazma xidmətlərinin göstərilməsi üçün əməliyyatların bütün mərhələlərində ən yüksək standartlara uyğun olaraq ətraf mühitin mühafizəsinə riayət edirik. 


Korporativ hədəflərimizin bir hissəsi olaraq, fəaliyyətimiz zamanı yaranan tullantıların azaldılmasını və təkrar emalını, təbii resurslardan rasional və qənaətli istifadəni, iş mühitinin beynəlxalq ətraf mühit standartlarına uyğun təşkilini və bütün ekoloji aspektlərin düzgün qiymənləndirilməsini və idarə olunmasını təmin edirik.