30 Yanvar 2024

SOCAR AQŞ "Kompleks Qazma və Quyulara Xidmət üzrə Ən Yaxşı Şirkət" mükafatına layiq görülüb

 

Kompleks qazma və quyu xidmətləri üzrə aparıcı şirkət olan SOCAR AQŞ-nin Beynəlxalq Maliyyə Mükafatlarında “Kompleks Qazma və Quyulara Xidmət üzrə Ən Yaxşı Şirkət” mükafatına layiq görüldüyünü bildirməkdən məmnunluq duyuruq.


Bu nüfuzlu mükafat, SOCAR AQŞ-yə yanvarın 18-də Böyük Britaniyada yerləşən aparıcı ticarət və maliyyə jurnalı olan “International Finance Publications Limited”in təşkilatçılığı ilə Dubayda keçirilən mərasimdə təqdim edilib. Tədbir müxtəlif sahələr üzrə mühüm nailiyyətləri qeyd etmək üçün Yaxın Şərq, Asiya, Avropa və Afrikadan sənaye liderlərini və rəhbərləri bir araya gətirib.


Tədbirdə SOCAR AQŞ-nin Baş direktorunun müavini Fuad Behbud şirkət adından mükafatı qəbul edib. O deyib: “Kompleks Qazma və Quyulara Xidmət üzrə Ən Yaxşı Şirkət mükafatını almaqdan qürur duyuruq. Bu mükafat yalnız SOCAR AQŞ komandasının səyi nəticəsində mümkün olmuşdur. Mən inanıram ki, bu, gələcəkdə qeyd olunacaq bir çox mühüm nailiyyətlərin başlanğıcıdır”.


2007-ci ildə təsis edilmiş SOCAR AQŞ, neft və qaz quyularının qazma sahəsində mükəmməlliyə sadiqliyini daim nümayiş etdirir. Çoxillik təcrübəsi ilə şirkət, müştərilərinə təhlükəsiz və etibarlı həllər təqdim etmək üçün qabaqcıl qazma texnologiyaları təklif edərək və yeni idarəetmə üsullarını tətbiq edərək, ölkənin qazma sənayesində innovativ yanaşmalara öncülük etmişdir.


Bundan əlavə, SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının üzvüdür və fəaliyyətini beynəlxalq standartlara tam uyğun şəkildə davam etdirir. Bu mükafat, şirkətin ən yüksək sənaye standartlarını qoruduğunu və qlobal qazma və quyu xidmətlərinin idarə edilməsi sektorunda mükəmməllik üzrə nümunəvi xidmət etdiyini sübut edərək nüfuzunu daha da gücləndirir.


“Kompleks Qazma və Quyulara Xidmət üzrə Ən Yaxşı Şirkət” mükafatı SOCAR AQŞ-nin əməliyyat mükəmməlliyini, innovasiyalara sadiqliyini və müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərməsini vurğulayır.


SOCAR AQŞ qlobal enerji sektorunda fəaliyyətini genişləndirmək, texnoloji nailiyyətlərdən istifadə etmək və yeni keyfiyyət standartlarını müəyyən etmək missiyasında əzmkar olaraq qalır. Təhlükəsizliyə, səmərəliliyə və davamlılığa olan öhdəliyimizlə biz, müştərilərimizin və bütövlükdə sənayenin ehtiyaclarına cavab verərək, onlara innovativ həllər təqdim etməyə davam edirik.