SOCAR-AQŞ Bulla yatağında quyu tikintisini uğurla başa çatdırdı

  • 06/11/2017

    Məlumat üçün bildiririk ki, SOCAR-AQŞ Bulla yatağının 6 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 5910 m olan 78 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırdı.

    Əməliyyatlar üzrə Baş direktorun müavini Eldar Yaradanquliyev 78 nömrəli quyuda qazmanın gedişatına dair öz fikirlərini bölüşərək qeyd edib ki, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edilərək quyu tikintisi uğurla başa çatdırılıb və sifarişçiyə təhvil verib.

    «78 nömrəli quyuda qazma işlərini aparmaqla müəssisəmiz bir sıra ilklərə imza atıb. Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.

    Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8" qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8" qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.

    Bununla yanaşı, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.

    Qeyd etmək istəyirəm ki, 78 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan «Azneft» İstehsalat Birliyi ilə öncədən müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmiş və sonda quyu tikintisinin keyfiyyətllə başa çatdırılmasına nail olunmuşdur. 

    Əminliklə deyə bilərəm ki, yüksəktəzyiqli Bulla yatağından 78 saylı kəşfiyyat quyusunun yüksək keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğurudur.

    Peşəkar qazma briqadamızın əzmi sayəsində Bulla-6 saylı özüldə başladığımız ilk quyu tikintisini uğurla başa çatdırdıq.

    Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik».

AZƏRBAYCAN QAZMA SƏNAYESİNDƏ İLK DƏFƏ

Horizontal quyu

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müəssisəmiz tərəfindən horizontal istismar quyusu (350) DDSÖ 13-dən qazılmışdır.

daha ətraflı

Vipstok texnologiyasının tətbiqi

Dayazsulu Günəşli yatağında ilk dəfə olaraq müasir vipstok texnologiyası istifadə edilərək 13 saylı DDSÖ-də qəzanı aradan qaldırmaq məqsədilə rotor üsulu ilə mövcud qazma lüləsindən yan lülə qazılmışdır.

daha ətraflı